ARXİV 4 Fevral 2011 - №05
"Yaşıl paket" tədris komplekti əsasında keçilən "açıq dərs"
İsmayılova Bahar İsmayıl qızı - Azərbaycan Respublikasının qabaqcil təhsil işçisi, ali kateqoriyalı müəllim, respublika üzrə "Ən yaxşı müəllim" və digər müsabiqələrin ilk qaliblərindən biri, Zaqatala humanitar fənlər gimnaziyasının, Azərbaycan Müəllimlər İnstitutu Zaqatala filialının riyaziyyat-informatika müəllimidir. O, Zaqatala Tədris Mərkəzinin direktor müavini olmaqla Təhsil Nazirliyi və Bakı Elmi-Tədris Mərkəzinin birgə keçirdiyi ECDL "Avropa səviyyəli kompüter istifadəçisi", Təhsil Nazirliyi və "İntel" şirkətinin təhsildə İKT-nin tətbiqi üzrə "İntel-Gələcək üçün təhsil" kurslarının təlimçisi olmuşdur. 2000-ci ildə İT haqqında ilk kitabı (84 səh.), 2005-ci ildə həmmüəllifi olduğu "Kompüter aləmi" (504 səh.) kitabı nəşr edilmişdir. 2008-ci ildə Azərbaycan müəllimlərinin XIII qurultayının və bir sıra beynəlxalq konfransların nümayəndəsi olub. Məqalələri müxtəlif illərdə respublika qəzetlərində, "İT maqazine" jurnalında çap edilmişdir. Türk, rus, ingilis dillərini bilir. Ailəlidir, iki övladı var. İctimai televiziya tərəfindən lentə alınan dərs Əsl müəllim sinifdə, dərsdə "yanmalıdır". Müəllimlik elə bir zirvədir ki, onu fəth etmək, sözün əsl mənasında, müəllim olmaq hər kəsə nəsib olmur. Bahar müəllim məhz bu zirvəni özünəməxsus şəkildə fəth edən, öz dəst-xətti ilə seçilənlərdəndir. O, həm təcrübəli müəllim, həm də fəal təşkilatçıdır, rayonumuzda yeni təlim metodlarının tətbiqinə təkan verən bir çox işlərin icraçılarındandır. Onun haqqında müəllim yoldaşlarımdan, valideynlərdən həmişə çox gözəl sözlər eşitmişəm: "Bahar müəllim ilə söhbət edən insanın işinə, dərsinə həvəsi daha da artır, o, həmişə doğru yol göstərir"... Novatorluq, yaradıcılıq, daim axtarışda olmaq, müasir dünyagörüşü, səmimi yoldaşlıq, yorulmadan bu günlə ayaqlaşmaq səyləri... Bahar müəllimə xas olan səciyyəvi xüsusiyyətlərdəndir. Bu gün onun yetirmələrinin səsi dünyanın müxtəlif ölkələrindən, təhsil ocaqlarından gəlir. Bahar müəllimin Təhsil Nazirliyinin, rayon rəhbərliyinin, Zaqatala Tədris Mərkəzinin dəstəyi ilə rayonda təşkil etdiyi kurslar, ("45 müəllim", "İntel-Gələcək üçün təhsil" və s.) gördüyü bir çox işlər rayonumuzun müəllimləri üçün hədiyyədir. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Davamlı İnkişaf Cəmiyyəti ATƏT tərəfindən "Yaşıl paket" tədris komplekti əsasında İctimai və regional TV şirkətləri ilə birlikdə "açıq dərs"lər hazırlayıb yaymağa dəstək almışdır. 6 mövzu üzrə 6 regionda: Bakı, Gəncə, Lənkəran, Quba, Mingəçevir və Zaqatalada "acıq dərs"lər keçilmişdir. Bahar İsmayılovanın "Su və insanlar" mövzusunda keçdiyi "açıq dərs"də "Yaşıl paket" ekoloji layihəsini Azərbaycanda icra edən Davamlı İnkişaf Cəmiyyətinin rəhbəri Fikrət Cəfərov, İctimai TV-də "açıq dərs" proqramının aparıcılarından biri Orxan Hüseynli, rayon təhsil şöbəsinin müdiri Habil Qurbanov və müəllimlər iştirak edirdilər. Rayonun müxtəlif məktəblərində fəaliyyət göstərən "Yaşıl patrul" dəstələrini təmsil edən 18 nəfərdən ibarət, 3 qrupa bölünmüş şagirdlərin tədqiqatçılıq qabiliyyətləri, hazırcavablılığı, şagirdlərdən Eltac, Nicat, İsa, Əzizə, Əsmər və Rahimin qrupla birgə və fərdi hazırladıqları təqdimatlar, Nərminin qrupunun yazdığı inşa, Zərifənin "Global Classroom" saytı vasitəsilə bütün dünyanın uşaqlarına müraciəti, Saqibətin apardığı təcrübə, suallara verilən cavabların əhatəliliyi, dəqiqliyi, suyun həyatımızda əvəzedilməz rolu, sudan qənaətlə istifadə yolları və bunun vacibliyi, suyu çirkləndirən mənbələrin araşdırılması və dərsin əvvəlindən şagirdlərin qarşısında qoyulan problemlərin həlli ilə bağlı hər birimizin görə biləcəyimiz işlər haqqında fikirlər çox maraqlı və rəngarəng idi. Dərs İKT-nin tətbiqi ilə yeni təlim üsullarına əsaslanaraq keçildi (film nümayişi, qruplarla iş, diskussiya və s.). Şagirdlər kompüterlərdən sərbəst istifadə etməklə araşdırmalar aparır, müəyyən tapşırığı yerinə yetirir və proyektorla işlərini təqdim edirdilər. Dərsdə müəllim, sözün əsl mənasında, "bələdçi", "yol göstərən", şagirdlər isə "tədqiqatçı", "yaradıcı" idi. Bu dərs İKT-dən istifadə etməklə fənlərin inteqrativ tədrisinə ən gözəl nümunələrdən biri idi. Müəllim şagirdlərlə birgə mövzu ilə bağlı sadə, amma maraqlı və çox faydalı riyazi məsələ də həll etdi, mövzunun mənimsənilməsində şagirdlərin fizika, kimya, biologiya və s. fənlərin tədrisi zamanı qazandıqları biliklərə də əsaslandı. Təsadüfi deyildir ki, Bahar müəllimin ötən illərdə bir şagirdi rayonda ilk dəfə olaraq informatikadan olimpiadanın respublika turunun qaliblərindən olmuş, müəllim 2008-ci ildə şagirdləri ilə birgə "Yaşıl həftə" Ümumrespublika müsabiqəsində II yeri qazanmış, 2009-cu ildə 3 nəfər şagirdi "Gənc kompüter istedadı" müsabiqəsində III yeri tutmuşdur. Onlardan biri əlavə olaraq həm də "Ən gənc iştirakçı" nominasiyası ilə mükafatlandırılmışdır. 2010-cu ildə müəllim Avropa İnnovativ Müəllimlər müsabiqəsinin Azərbaycan mərhələsində, həm də "Elektron təhsil" müsabiqəsində III yeri qazanmışdır. Elə həmin il şagirdi Validə Məhərrəmova ilə birgə İREX (Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurası) təşkilatının keçirdiyi müsabiqədə I yeri qazanmış, hər ikisi netbukla mükafatlandırılmışdır. 2010-cu il 5-7 iyul tarixində Qəbələ rayonunda Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ətraf Mühit Proqramının birgə təşkilatçılığı ilə "Bioloji müxtəliflik və minilliyin inkişaf məqsədlərinə nail olunması" mövzusunda beynəlxalq konfrans keçirilib. İyulun 7-də biomüxtəliflik üzrə Avropa regionu nazirlərinin görüşündə Bahar müəllim də nümayəndə kimi iştirak etmiş və təşkil edilmiş beynəlxalq sərgidə "Təbiət məharətlə yaradılmış həyat simfoniyasıdır!" layihəsi əsasında hazırladığı işlər (təqdimatlar, şəkillər, filmlər...) böyük marağa səbəb olmuş və yüksək qiymətləndirilmişdir. Müəllimin şagirdlərindən riyaziyyat-informatika müəllimi işləyən və bu istiqamətdə təhsil alanlar az deyil. Bir şagirdi - Ağabalayeva Gülnar (Prezident təqaüdçüsü) Qafqaz Universitetinin kompüter mühəndisliyi fakültəsində təhsil alır. B.İsmayılovanın Zaqatala Tədris Mərkəzinin dəstəyi ilə hazırladığı biaz.ucoz.net saytından rayonumuzun müəllim və şagirdləri istifadə edir, saytla işləmə bacarıqlarına yiyələnirlər. Həyat QARDAŞOVA,
Zaqatala RTŞ-ın əməkdaşı
http://www.muallim.edu.az/arxiv/2011/05/35.htm