Sabah Bakıda, Hyatt Regency mehmanxanasında Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Microsoft şirkəti tərəfindən növbəti İnnovasiyalar Günü təşkil olunacaq.
Bu cür tədbirlərin əsas məqsədi innovasiyaların ölkələr və cəmiyyətlərin inkişafına təsiri, bu inkişafa mane olan faktorlar və onlarla mübarizə metodları haqqında müzakirələrin təşkil olunmasıdır.
Saat 10:00-da başlanacaq forumun əsas mövzusu Azərbaycanda rəqəmsal geriliyin aradan qaldırılması və müxtəlif əhali qruplarının informasiya ilə təmin olunması üçün dövlətin səyləri və özəl təşəbbüslər kimi ifadə edilir.
Tədbir zamanı həmçinin Azərbaycanda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi, eləcə də Microsoft və HP şirkətləri tərəfindən həyata keçirilən və əhalinin güzəştli şərtlərlə kompüter və proqram təminatı ilə təmin edilməsi məqsədini daşıyan «Xalq Kompüteri» layihəsinin yeni mərhələsinin başlanması haqqında elan olunacaq. Gözlənildiyi kimi, tərəflər şagird, tələbə və ali tədris müəssisələrinin müəllimlərinə «Xalq Kompüteri» layihəsinin yeni mərhələsi çərçivəsində kompüter və proqram təminatı əldə etmək imkanı verən dördtərəfli saziş imzalayacaqlar.