“Bing” servisinə əyləncə, o cümlədən musiqi, oyunlar, kinofilmlə kimi kontent axtarışı funksiyası əlavə edilib “Microsoft” şirkəti “Bing” servisinə əyləncə, o cümlədən musiqi, oyunlar, kinofilmlər və digər bu kimi kontent axtarışı funksiyasını əlavə etməklə sistemi yeniləyib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, “Bing” istifadəçiləri üçün yenilənmədən sonra beş milyon musiqidən ibarət kataloqdan istənilən musiqini birdəfəlik, və bu musiqilərin 30 saniyəlik qısa parçalarını çoxdəfəlik dinləmək imkanı yaranıb. Bundan əlavə, yenilənmiş versiyada mahnıların sözlərini də axtarmaq mümkündür. Oyun həvəskarlarına isə “Bing” 35 min oyundan ibarət kataloqdan istədiklərini seçib bu oyunu əldə etmək, eləcə də onun oynanılması ilə bağlı dəyərli məsləhətlər və digər maraqlı məlumatlar almaq imkanı verir. İstifadəçilərə yüzə yaxın ən populyar kiçik həcmli oyunlar da təqdim olunur. Yenilənmiş servisdə 1,5 min serial və şou verilişləri, o cümlədən yüksək dəqiqlikli formatda yazılmış video arasında axtarış aparmaq funksiyası da əlavə olunub. İstifadəçilər onlara xidmət göstərən kabel operatorlarının kanallarında sevdikləri serialların vaxtını öyrənə bilərlər. “Bing” tərtibatçıları film axtarışı sistemini də təqdim ediblər ki, bu funksiya vasitəsilə istifadəçilər lazımi seansı seçmək, kinoteatra gedən yolda tıxacın olub-olmadığını öyrənmək, eləcə də həm xüsusi resurslardan, həm də “Twitter” və “Facebook” sosial şəbəkələrindən həmin film haqqında rəylər oxumaq imkanı qazanıb.
|