"BakuTel-2012” sərgisi texniki tərəqqinin insanlara bəxş etdiyi imkanların tam spektrini nümayiş etdirir
Bu gün növbəti dəfə ölkənin və
ümumilikdə Xəzər və Qafqaz regionunun informasiya və kommunikasiya
texnologiyaları sahəsində əsas hadisələrdən biri olan 18-ci beynəlxalq
"Telekommunikasiya və İnformasiya texnologiyaları” ("BakuTel-2012”)
sərgisinin sonuncu iş günüdür. Azərbaycan Respublikası Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyi, eləcə də Birləşmiş Millətlər
Təşkilatı (BMT), Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) və Rabitə
sahəsində Regional Birlik kimi bir sıra beynəlxalq təşkilatlar
tərəfindən sərgiyə verilən dəstək və Ümumdünya Sərgi Sənayesi
Assosiasiyasının keyfiyyət nişanı bu tədbirə xüsusi diqqət
göstərilməsinə sübutdur. "BakuTel-2012”
sərgisini Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham
Əliyev ziyarət etdi. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən
perspektivli sahələrindən biri olan İKT daim dövlət başçısının diqqət
mərkəzindədir. Sərgi üzrə "VIP”-tur əsnasında ölkə prezidenti və onun
xanımı Mehriban Əliyeva bir sıra milli stendlərə, o cümlədən xarici və
yerli şirkətlərin stendlərinə baş çəkdilər. Burada onlar
telekommunikasiya və genişzolaqlı internet, "elektron hökumət”, hava
yollarının idarə edilməsi, ictimai təhlükəsizlik və nəqliyyat
sistemlərinə dair layihələrlə, habelə bu sahənin digər yenilikləri ilə
tanış oldular. "BakuTel-2012” sərgisi
Azərbaycanda Böyük Britaniyanın "ITE Group plc” şirkəti və onun
tərəfdaşı "Iteca Caspian” MMC tərəfindən təşkil olunan sərgilər
təqvimində ən məşhur və ən çox ziyarətçisi olan tədbirlərdən biridir. Bu
isə təsadüfi deyil! Belə ki, informasiya və kommunikasiya
texnologiyaları müasir cəmiyyətin gündəlik həyatının bütün sahələrinə
sirayət edib. Sərgi həm sıravi ziyarətçilər, həm də bu sahənin
peşəkarları üçün kifayət qədər maraqlı oldu - burada mobil telefonlardan
tutmuş kosmik texnologiyalara qədər sahənin bütün istiqamətləri təqdim
edilirdi (telekommunikasiya və şəbəkələr, genişzolaqlı rabitə və
texnologiyalar, simli və simsiz rabitə, teleradioyayım avadanlıqları və
texnologiyaları, proqram təminatı və avtomatlaşdırma sistemləri, İT və
ofis texnologiyaları və s.). "BakuTel-2012”
sərgisində ilk dəfə olaraq əhaliyə göstərilən dövlət xidmətlərinin yeni
keyfiyyətinin formalaşdırılması üçün nəzərdə tutulmuş "ASAN” mərkəzləri
təqdim edildi. Azərbaycanda "elektron hökumət” məsələlərinə əvvəlki
kimi böyük diqqət yetirilir ki, bu da sərgidə bir sıra iri xarici
şirkətlərin təkliflərində öz əksini tapdı. "Azerspace” geostasionar
rabitə peykinin işə salınması və idarə edilməsi üzrə layihəni həyata
keçirən ölkənin milli peyk operatoru - "Azərkosmos” şirkətinin stendi,
eləcə də rabitə peykləri və Yer kürəsinin məsafədən zondla tədqiq
edilməsi peyklərini istehsal edən Ukraynanın "Yujnoye” konstruktor
bürosunun stendi peşəkarlar tərəfindən böyük maraqla qarşılandı. "BakuTel”
sərgisi hər il innovasiyaların "paradı”na çevrilir və builki sərgidə
istisna olmadı. Belə ki, sərgi ziyarətçiləri ilk dəfə olaraq "Microsoft
Windows 8” əməliyyat sistemini sınaqdan keçirmək, "Windows Server 2012”
əməliyyat sisteminin üstünlüklərini görmək, yeni "B.A.K.U.” antivirusu
ilə tanış olmaq və Azərbaycanın ilk "Nexus Azpad Android” planşet
kompüterinin təqdimat mərasimində iştirak etmək imkanı əldə etdilər. Sərgi ilə bir meydançada
müxtəlif ölkələrin nazirlikləri, beynəlxalq təşkilatlar, dünyanın ən iri
internet şirkətlərinin nümayəndələri və telekommunikasiya ekspertləri
də daxil olmaqla, yüz ölkədən 1.500-dən çox nümayəndənin iştirak etdiyi
"IGF” ("Internet Governance Forum”) - İnternetdən istifadənin idarə
olunması üzrə forumun 7-ci toplantısı keçirildi. Bu forumda internet
məkanın tənzimlənməsi üzrə dövlət siyasəti, ictimai informasiyanın
təqdim edilməsinə dair məsələlər, dövlət orqanlarının məlumatlarının
yayılması və yeni məhsul və xidmətlərin inkişaf perspektivləri, habelə
IPv6 protokolunun istifadəsi və yayılması, internet resurslarının,
yuxarı səviyyəli domenlərin (TLD) və beynəlxalq domen adları sisteminin
(IDN) idarə edilməsi kimi mövzular müzakirə olundu.Artıq
əminliklə demək olar ki, 18-ci beynəlxalq "Telekommunikasiya və
İnformasiya texnologiyaları” ("BakuTel-2012”) sərgisi texniki tərəqqinin
insanlara bəxş etdiyi imkanların tam spektrini nümayiş etdirdi.
|