************************** Zaqatala Tədris Mərkəzinə yazmaq üçün z_tm@bk.ru
**********************
**********************
Ana səhifə » 2013 » Fevral » 12 » Rasim Əliquliyev: “İnformasiya Texnologiyaları Universiteti Azərbaycanda İKT-nin tətbiqi istiqamətində kadrlar boşluğunu dolduracaq”
14:50
Rasim Əliquliyev: “İnformasiya Texnologiyaları Universiteti Azərbaycanda İKT-nin tətbiqi istiqamətində kadrlar boşluğunu dolduracaq”
Bu gün gələcəyə qoyulmuş ən böyük sərmayə bacarıq və bilikləri özündə cəmləşdirən insan kapitalıdır.
Bu məqsədlə dövlətlər yatırımları təhsil və ixtisas hazırlığına
yönəltməyi daha üstün tuturlar. Xüsusən də texnologiyalar,
innovasiyaların sürətli inkişaf dönəmində insan kapitalının
formalaşdırılması başlıca məqsədlərdəndir. Beynəlxalq təcrübəyə
əsaslanan Azərbaycan da qarşıdakı illərdə informasiya texnologiyaları
mütəxəssislərinin hazırlığını prioritet istiqamətlərinə daxil edib. Bu
günlərdə isə bu məqsədə aparan yolu qısaldan, həmçinin onun daha yaxın
zamanlarda gerçəkləşməsinə təkan verən sərəncam imzalanıb.
İnformasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik
kadr potensialının formalaşdırılmasını təmin etmək üçün verilən bu
sərəncamla növbəti tədris ilindən ali məktəblərimizin sırasına daha bir
universitet əlavə olunacaq.
İnformasiya Texnologiyaları Universiteti adlanan yeni təhsil
müəssisəsinin 2013–2014-cü tədris ilindən etibarən təhsil prosesinə
başlamasının təmin edilməsi isə Təhsil Nazirliyi ilə Rabitə və
İnformasiya Texnologiyaları Nazirliyinə həvalə olunub.
"Məqsəd heç də İT mütəxəssisləri hazırlayan təhsil ocaqlarının işinə kölgə salmaq deyil”
Bu sərəncamın çoxdan gözlənilən bir addım olduğunu deyən mütəxəssislər
onun icrasının İKT sahəsində müsbət dəyişikliklərə yol açacağı
qənaətindədirlər. Belə düşünən AMEA İnformasiya Texnologiyaları
İnstitutunun (İTİ) direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim
Əliquliyevin sözlərinə görə, ölkəmizdə İKT sahəsində son 10 ildə çox
böyük nailiyyətlər əldə olunub: "Azərbaycanda informasiya cəmiyyəti
quruculuğu istiqamətində görülən işlərdə həmişə ölkə başçısının dəstəyi
olub. İnformasiya cəmiyyətinin müxtəlif pillələri, o cümlədən
telekommunikasiya, internetin inkişafı, "Elektron Azərbaycan”ın
ayrı-ayrı komponentlərinin qurulması və s. sahələrdə bu diqqət özünü
göstərib. Universitetin yaradılması ilə bağlı sərəncam da həm çox
arzuolunan, həm də çox əhəmiyyətlidir. Çünki bu universitet Azərbaycanda
informasiya texnologiyalarının müxtəlif aspektləri, istiqamətləri üzrə
kadrların hazırlanmasına öz töhfəsini verəcək”.
Bu gün Azərbaycanın digər ali təhsil müəssisələrində də İT
mütəxəssisləri üzrə kadr hazırlığının aparıldığını deyən R.Əliquliyev
qeyd edib ki, məqsəd heç də bu təhsil ocaqlarının işinə kölgə salmaq
deyil. Yeni universitetin fəaliyyətə başlamasını zərurətə çevirən əsas
amil dünyada texnologiyaların dinamik dəyişən inkişaf tempidir. Məhz bu
sürətlə ayaqlaşa bilmək üçün belə bir təhsil müəssisəsinə tələbat vardı:
"İstər ictimai, istər dəqiq elmlər, istərsə də təbiət fənləri olsun –
hamısına hörmətim var. Amma bununla yanaşı, həmin fənlərin söykəndiyi
elmlər və texnologiyalar informasiya texnologiyaları qədər dinamik
deyil. Ona görə də dünyada informasiya texnologiyalarının inkişaf
tempinə uyğun gələ biləcək, yəni vaxtlı-vaxtında kadr hazırlamaq
iqtidarında olan yeni qurumlara ehtiyac vardı”.
Texnologiyaların sürətli inkişafı kadr hazırlığına xüsusi yanaşma tələb edir
İTİ direktorunun fikrinə görə, Azərbaycanda informasiya texnologiyaları
sahəsində ölkəmizin ayrı-ayrı ali məktəblərinin çox böyük xidmətləri
olub və bu gün də var: "Bizim müəllimlərimiz, professorlarımız bu işi
uğurla həyata keçirirlər. Yəni keçən əsrin 60-cı illərindən başlayaraq,
ölkədə İKT-nin müxtəlif aspektləri - kibernetika, tətbiqi riyaziyyat,
rabitə, telekommunikasiya, elektronika və s. istiqamətlər üzrə həmişə
kadr hazırlanıb.
Bu istiqamətlər üzrə hazırlanan kadrlar hazırda Azərbaycanda, hətta onun
hüdudlarından kənarda fəaliyyət göstərirlər, ölkəmizdə İKT-nin
inkişafına öz töhfələrini verirlər. Amma qeyd etdiyim kimi,
texnologiyaların sürətli inkişafı kadr hazırlığına xüsusi yanaşma tələb
edir. Bu texnologiyalara, innovasiyalara çox çevik, dinamik, yüksək
sürətlə reaksiya verən təhsil qurumunun meydana gəlməsinə zərurət
vardı”.
İnformasiya cəmiyyətinin aktuallaşdırdığı amillər əsaslı dəyişiklikləri labüdləşdirir
Ölkənin informasiya cəmiyyətinə qədəm qoyması günümüzdə kadr
hazırlığında əsaslı dəyişiklikləri də labüdləşdirir: "Azərbaycanda
texnologiyalar həyatımızın bütün sahələrinə, hakimiyyət orqanlarının
fəaliyyətinə sirayət edib, "Elektron hökumət”in müxtəlif komponentləri
formalaşıb. Artıq ölkəmizdə informasiya təhlükəsizliyi, təhdidlərdən
qorunma yolları, hüquqi aspektləri və s. kimi məsələlər çox aktuallaşıb.
Ona görə də güman edirəm ki, fəaliyyətə başlayacaq İnformasiya
Texnologiyaları Universiteti şəbəkə administratoru, informasiya
təhlükəsizliyi, kriptoqrafiya, proqram mühəndisliyi, kompüter
mühəndisliyi və s. kimi İKT-nin ən müasir istiqamətləri üzrə kadr
hazırlayacaq. Hesab edirəm ki, bu sahədə beynəlxalq, dünyanın aparıcı
ölkələrinin təcrübəsi öyrəniləcək, ən başlıcası, texnologiyaların
inkişaf tempinə uyğun olaraq, tədris proqramları hazırlanacaq,
doktoranturaya qədər təhsilin bütün pillələri üzrə proqram mövzuları
çevik, aktual olacaqlar. Yəni kadr hazırlığı ənənəvi təhsil sistemində
olduğu kimi yox, beynəlxalq təcrübəyə söykənərək, daha müasir olacaq”.
Əmək bazarının İT sahəsinin bugünkü tələbatı tam ödəniləcək
Əmək bazarının İT sahəsi üzrə bugünkü tələbatı məhz bu universitetin hesabına ödəniləcək:
"Bu təhsil müəssisəsində hazırlanan kadrlar, təhsil alan mütəxəssislər
birbaşa Azərbaycanın əmək bazarında özlərini reallaşdıracaqlar. Ona görə
də universitetin gələcək fəaliyyətinə çox nikbin, həmçinin İnformasiya
Texnologiyaları İnstitutuna həmkar qurum kimi baxıram. Biz universitetin
fəaliyyətinə həmişə dəstək verəcəyik, çünki onun inkişafında
maraqlıyıq. Bu universitetin yetirmələrini öz sıralarımızda görmək
istəyirik. Respublikanın müxtəlif təşkilatlarında müasir İT
mütəxəssislərinə böyük tələbat var. Hesab edirəm ki, universitet
Azərbaycanda İKT-nin tətbiqi istiqamətində kadrlar boşluğunu qismən
dolduracaq. Universitet "İKT ili”ndə ən mühüm töhfələrdən biridir. Ümid
edirəm ki, bu təhsil müəssisəsi gələcəkdə yalnız Azərbaycanın deyil,
beynəlxalq əmək bazarının da yüksəkixtisaslı kadrlarla təmin olunmasında
rol oynayacaq”.
"İnformatika” fənninin ali məktəblərə qəbul imtahanlarına salınmasının vaxtı çatıb
Təhsil Nazirliyinin Təhsilin idarəolunmasının məlumat sistemləri
şöbəsinin (TİMS) müdiri İsmayıl Sadıqov da İnformasiya Texnologiyaları
Universitetinin yaradılmasının İKT sahəsində çalışanlar üçün sevindirici
xəbər olduğunu deyib:
"Biz bu sərəncamı xeyli müddətdir ki, gözləyirdik. Bizi daha çox narahat
edən məsələ ali təhsil müəssisələrinə qəbul imtahanlarında
"İnformatika” fənnindən imtahanın olmamasıdır. Normal qəbul edilməyən
hal odur ki, tutaq ki, "İnformatika müəllimliyi”, "Kompüter
mühəndisliyi”, "Kompüter elmləri”, "İnformasiya sistemləri mühəndisliyi”
kimi ixtisasları seçənlər qəbul imtahanlarında "İnformatika”dan deyil,
"Kimya”dan imtahan verirlər. Neçə illərdir ki, biz bu məsələni müzakirə
edib, onu aradan qaldırmaq yollarını düşünürük”.
Kompüterlə bağlı ixtisaslar üçün qəbul imtahanlarında 5-ci ixtisas qrupu yaradılsın?
Nazirlik rəsmisinin sözlərinə görə, kompüterlə bağlı ixtisaslar üçün
qəbul imtahanlarında "İnformatika” fənninin daxil edilib-edilməməsi ilə
bağlı müxtəlif versiyalar, təkliflər səsləndirilir. Belə təkliflərdə
5-ci ixtisas qrupunun formalaşdırılması və bu qrupa "İnformatika”
fənnindən imtahan salınması da yer alıb. Və ya qəbul imtahanlarında
"Riyaziyyat” fənninin tərkibində bəzi sualların "İnformatika” fənnindən
salınması da təklif edilir: "Kimya” fənninin qəbul imtahanlarına
salınması isə başadüşülən hal deyil. "İnformatika müəllimliyi”nə daxil
olan "Kimya”dan imtahan verir. Əgər kimya ona doğrudan da lazımdırsa, bu
ixtisası seçənlər ali məktəbdə "Kimya” fənnindən bir semestr də dərs
keçmirlər. Düşünürük ki, artıq "İnformatika” fənninin ali məktəblərə
qəbul imtahanlarına salınmasının vaxtı çatıb”.
Bu addım məktəblərdə "İnformatika” fənninə münasibəti dəyişəcək
İ.Sadıqovun fikrinə görə, sözügedən fənnin əsas imtahanlar sırasına
daxil edilməsini zəruriləşdirən başqa məqamlar da var: "Hazırda orta
ümumtəhsil müəssisələrində 1-ci sinifdən 11-ci sinfə qədər "İnformatika”
tədris olunur. Ona görə də İKT-nin sürətli inkişaf etdiyi vaxtda bu
fənnin buraxılış, qəbul imtahanlarında olmaması normal hal sayılmır.
Yeri gəlmişkən, bu ilin "İKT ili” elan edilməsi bizi çox sevindirdi ki,
artıq dəyişikliklər başladı. Düzdür, digər sahələrdə, o cümlədən,
təhsildə də İKT-nin tətbiqi ilə bağlı çox işlər görülür. Amma təbii ki,
biz bu sahənin adamları kimi daha çox işlər gözləyirik. Universitetin
yaradılması isə yəqin ki, imtahan məsələsini birdəfəlik həll edəcək.
"İnformatika”dan imtahanın olması artıq qaçılmazdır və bu addım
məktəblərdə bu fənnə münasibəti dəyişəcək”.
İT sahəsi üzrə kadr çatışmazlığına gəlincə, nazirlik rəsmisi bildirib
ki, bu gün yalnız Azərbaycanda deyil, bütün dünyada peşəkar
proqramçılara, informasiya təhlükəsizliyi, kriptoqrafiya, və s. sahələr
üzrə mütəxəssislərə böyük ehtiyac var.