Forma
Be, 29.03.2024, 12:04Xoş gəlmisiniz! Гость | RSS
Əməkdaşlıqla

zirvələrə doğru!
Menyu
Bölmənin kateqoriyası
Elm xadimləri [1]
Qəhrəmanlarımız [1]
İdmançılarımız [10]
Mini çat
Sorğumuz
Saytı qiymətləndirin
Cavablar cəmi: 4324
Daxil olma forması
Qoşulma sürəti
Qoşulma sürətini yoxlamaq üçün
kim saydadir
Onlayn cəmi 1
Qonaqlar 1
İstifadəçilər 0


Анализ интернет сайта







**************************
Zaqatala Tədris Mərkəzinə
yazmaq üçün



**********************

**********************

Погода в Закаталах

Məqalələrin kataloqu


Ana səhifə » Məqalələr » Zaqatalanı dünyaya tanıdanlar » Elm xadimləri

ALMANİYADA YAŞAYAN ZAQATALALI PROFESSOR

"Azərbaycan alimi olaraq tanınmaq mənə daha xoşdur"

 

Almaniyanın nüfuzlu elm mərkəzində çalışan həmyerlimiz Məsud Əfəndiyev belə deyir

 

Bu yaxınlarda Təhsil Nazirliyində xaricdə oxuyan tələbələrlə görüş keçirilirdi. Görüşdə qonaqlar da iştirak edirdi. Onların əksəriyyəti respublikamızın müxtəlif dövlət qurumlarını, yaradıcılıq birliklərini təmsil edən rəsmi şəxslər idi. Birini isə tanımırdım. Təhsil naziri Misir Mərdanov görüşü açdıqdan sonra onları təqdim etməyə başladı. Bir-iki rəsmi şəxsin təqdimatından sonra növbə mənimlə birlikdə yəqin ki, iclas iştirakçılarından çoxunun tanımadığı həmin şəxsə çatdı. Misir müəllim onu səsindən aydın duyulan bir iftixar hissi ilə təqdim etdi: Məsud Əfəndiyev Azərbaycan vətəndaşıdır. ötən əsrin 70-ci illərində Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsində 2 il təhsil alıb. Həmin illərdə mən ona diferensial tənliklərdən dərs demişəm. 19 ildir ki, Almaniyada yaşayır.

 

Məsud müəllim 19 il öncə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda çalışarkən bu gün "Kiçik Nobel" adlandırılan nüfuzlu bir mükafata layiq görülüb. Həmin mükafatı alanlar Almaniyaya dəvət olunur. O zaman Məsud müəllimi də ora dəvət ediblər. 1991-ci ildən indiyədək görkəmli riyaziyyatçı alim Almaniyada yaşayıb çalışır.

Nazirin təqdimatından aydın oldu ki, Azərbaycanımızın başını ucaldanlardan biri olan Məsud Əfəndiyev 7 xarici dil bilir, dünyanın ən aparıcı universitetlərində tətbiqi riyaziyyatın müxtəlif sahələrindən mühazirələr oxuyur. Onlarca azərbaycanlı alimin təhsil almaq, mühazirələr oxumaq üçün Almaniyaya getməsinə kömək göstərib.

Qonaqlar bir-bir tribunaya çıxıb xaricdə oxumağa gedən tələbələri təbrik etdilər, onlara müvəffəqiyyətlər arzuladılar, bəzi tövsiyələr verdilər.

Məsud Əfəndiyev də görüşdə gənc həmkarlarını təbrik edib onların əldə etdiyi uğuru yüksək qiymətləndirdi. özünün də vaxtı ilə bu yolu keçdiyini, o zamandan fərqli olaraq indi tələbələr, gənclər qarşısında daha geniş üfüqlər, böyük perspektivlər açıldığını söylədi. Azərbaycanı xaricdə təmsil etməyin həddən ziyadə məsuliyyət tələb etdiyini bildirən qonaq, gənclərə oxuduqları ölkədə azərbaycanlı olduqlarını unutmamağı, ölkəmizi layiqincə təmsil etmələrini tövsiyə etdi, onlara özündən də artıq nailiyyətlərə imza atmağı arzuladı. Onun misal çəkməklə ifadə etdiyi bir arzusu isə lap orijinal oldu. Həmin misala görə, sol təmayüllü məşhur Amerika yazıçısı Con Steynberq bir dəfə Moskvaya gəlir. Onu yüksək səviyyədə qəbul edirlər. Görüşlərdə onu yazıçılar, digər şəxslər müşayiət edir. Bir neçə gündən sonra yazıçı xahiş edir ki, kütlə içərisində olmaq üçün ona bir qədər sərbəstlik versinlər. Xahişinə əməl olunur. Camaatın arasına çıxan yazıçı tezliklə özünə yoldaşlar tapır, bir restorana gedib yeyib-içir, ingilis dilində mahnı oxuyurlar. Onların nə oxuduğunu başa düşməyən restoran sahibi ehtiyat üçün bu barədə müvafiq orqanlara məlumat verir. Gəlib yazıçını aparırlar. O, Amerikanın ən tanınmış yazıçısı olduğunu desə də sıravi orqan işçiləri buna əhəmiyyət vermirlər. Yazıçı, nəhayət, onu rəislərinin yanına aparmalarını xahiş edir. Rəisə də Amerikanın məşhur yazıçısı olduğunu bildirəndə, o, ayağa qalxıb: "Xoş gəlmisiniz, yoldaş Heminquey", - deyə Steynberqi qucaqlayır. Məsud müəllim gənc həmkarlarına da belə bir "səhvsalınma" arzuladı:

- Mən istərdim ki, Azərbaycanı xaricdə təmsil edən yazıçılar, alimlər, incəsənət xadimləri o qədər çox olsun ki, bizləri də səhv salsınlar.

Qonağı qəzetimizin çoxsaylı oxucularına da tanıtmağı qət etdik. Təyyarəyə bilet almış, bir-iki saata Almaniyaya dönməli olan, tələsdiyindən görüşü də yarımçıq tərk etmək məcburiyyətində qalan Məsud müəllimlə elə həmin darmacalda, nazirlikdə görüşdük.

 

Kənd məktəbinin ilk qızıl medalçısı

 

Məsud Arif oğlu Əfəndiyev Azərbaycanın axar-baxarlı Zaqatala rayonunda ziyalı ailəsində anadan olub. Atası da, anası da müəllim olan Məsudda təhsilə, oxumağa həvəs uşaqlıqdan güclü olub.

1970-ci ildə Zaqatala şəhərindəki Şıxəli Qurbanov adına məktəbi qızıl medalla bitirən ilk məzun olub. O, elə həmin il Bakıya gələrək Azərbaycan Dövlət Universitetinin (indiki BDU) mexanika-riyaziyyat fakültəsinə qəbul olunub. Hələ birinci kursda ikən o vaxt gənc mütəxəssis kimi universitetdə işləyən təhsil naziri, professor Misir Mərdanov Məsud Əfəndiyevin oxuduğu qrupda diferensial tənliklərdən seminar məşğələsi aparıb. öz müəllimini indi də böyük ehtiramla xatırlayan tanınmış alim, yeri düşəndə bu faktdan iftixar hissi ilə söz açır. İki il BDU-da oxuduqdan sonra M.Əfəndiyev təhsilini Moskva Dövlət Universitetində davam etdirir. Burada yüksək səviyyədə diplom işi yazıb müdafiə edir. Diplom işi elmlər namizədi elmi dərəcəsinə layiq görülsə də o dövrdə bu qayda artıq ləğv olunduğundan ona həmin elmi dərəcəni vermirlər. Məsud müəllim o dövrü belə xatırlayır: "Diplom işimi çap etdirmişdim. Bu o dövrdə Moskva kimi bir yerdə tələbə-məzun üçün çox böyük uğur idi. Ona görə də mənim diplom işimi yüksək qiymətləndirdilər. 50-60-cı illərdə diplom elmi jurnallarda çap olunanda ona birbaşa namizədlik verilirdi. Lakin təəssüf ki, mən universiteti qurtaran ili artıq bu qayda ləğv olunmuşdu".

Tanınmış alimlər Mark Vişik və Aleksandr Şnirelman onun həm diplom, həm də elmi rəhbəri olmuşlar.

Universitetdən sonra aspiranturada, doktoranturada təhsil alıb, müvəffəqiyyətlə namizədlik, doktorluq dissertasiyaları müdafiə edib.

 

A. fon Humboldt mükafatını almış ilk azərbaycanlı alim

 

Fizika-riyaziyyat elmləri doktoru, professor Məsud Əfəndiyevin həyatının ən yaddaqalan tarixi yəqin ki, 1990-cı ildir. çünki məhz həmin ildə Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda çalışan M.Əfəndiyev Almaniya hökumətinin təsis etdiyi A. fon Humboldt adına mükafata layiq görülmüşdür. O, bu nüfuzlu mükafatı alan ilk azərbaycanlıdır.

Yeri gəlmişkən qeyd edək ki, həmin mükafat elmdə fundamental nailiyyətlərə görə verilir və o, elmi dairələrdə"Kiçik Nobel" hesab olunur. Bu yeganə mükafatdır ki, onu almış alimlərdən 38-i sonralar Nobel mükafatına layiq görülmüşdür.

Görkəmli alim 19 ildir ki, Almaniyada yaşayır, müxtəlif universitetlərdə, o cümlədən Münhen, Ştutqart, Berlin universitetlərində dərs demişdir. Hazırda dünyanın ən nüfuzlu elm ocaqlarından sayılan H.Helmholts adına Münhen Elmi Tədqiqat Mərkəzində "Dinamik sistemlər" şöbəsinin müdiri işləyir.

Məsud müəllimin bu illər ərzində qazandığı elmi nüfuzu yüksək, uğurları sanballıdır. O, 2005-ci ildə Yaponiyanın nüfuzlu "Jaran Society for the Promotion of Scionce - JSPS" təşkilatının mükafatını almış, elə həmin il bu ölkənin Okayama şəhərində keçirilən Yaponiya Riyaziyyatçılar Cəmiyyətinin illik yığıncağında əsas məruzəçi olmuşdur. Bundan əlavə, M.Əfəndiyev Kiotonun Riyaziyyat Elmləri Tədqiqat İnstitutunun konfranslarında daim iştirak edir. O, 7 dəfə bu konfranslarda baş məruzəçi olmuşdur.

Məsud Əfəndiyev postsovet məkanında dünyanın altı aparıcı elmi jurnalının redaksiya heyətinin üzvü olan yeganə riyaziyyat alimidir. O, eyni zamanda ABŞ-da nəşr olunan nüfuzlu "International Journal Biomathemaies and Biostatisics" jurnalının redaktorudur. Hazırda elmi əsərlərindən ən çox sitat gətirilən dünya alimlərindən biri olan Məsud Əfəndiyev müxtəlif sanballı elmi jurnallarda dərc olunmuş 200-ə yaxın məqalənin müəllifidir. Onun ingilis dilində çap olunmuş "Fredholm Structures Torological Invariants and Arrlications" və "Analysis and Simulation of Multifield Problems" adlı monoqrafiyaları isə dünya elminə sanballı töhfədir.

Məsud Əfəndiyevin zəngin elmi bioqrafiyasını şərəfləndirən daha bir fakt: üç il bundan əvvəl Almaniya kansleri Angela Merkel Yaponiyaya rəsmi səfər edərkən iki ölkə arasında elmi-texniki əməkdaşlığa dair sənəd imzalanıb. Qarşılıqlı razılaşmaya əsasən ölkələrin hərəsi ən müxtəlif elm sahələrinin nümayəndələrindən ibarət 12 nəfərlik alim heyəti yaratmış və onların səlahiyyət dairəsini müəyyənləşdirmişdir. Buraya müxtəlif elmi layihələrin həyata keçirilməsi, ayrı-ayrı mövzularda konfransların təşkili və s. məsələlər daxildir. Bizim üçün maraqlı və hər bir azərbaycanlıda qürur doğuran məqam ondan ibarətdir ki, Almaniya tərəfindən ayrılmış alim heyətinə məhz professor Məsud Əfəndiyev rəhbər təyin olunmuşdur. Həmin anlaşma çərçivəsində bu il sentyabrın 7-də Almaniyada keçiriləcək "Evolition Equations and Related Torics" mövzusunda konfransa rəhbərlik etmək ona həvalə olunmuşdur.

Məsud Əfəndiyevin elmi-pedaqoji fəaliyyətinin mühüm bir istiqamətini də onun dünyanın aparıcı universitetlərində mühazirələr oxuması təşkil edir. Görkəmli alim bu məqsədlə hər il müxtəlif ölkələrdən dəvətlər alır. İndiyədək ABŞ-ın məşhur Prinston Universiteti də daxil olmaqla onlarca universitetdə silsilə mühazirələr oxuyub və indi də oxuyur. 7 dil bilən Məsud müəllimin bir üstün cəhəti də vardır ki, mühazirələrini tərcüməçi vasitəsilə deyil, auditoriyanın öz dilində oxuyur.

 

Məsud Əfəndiyevin köməyi ilə 50-dən çox alim xaricə dəvət olunub

 

Azərbaycan təhsilində, Azərbaycan alimlərinin dünya səhnəsinə çıxmasında, ölkəmizin Avropa təhsil məkanına inteqrasiyasında da Məsud Əfəndiyevin xidmətləri böyükdür. O, Almaniyada yaşadığı illər ərzində 50-dən çox alimi müxtəlif müddətə Almaniyaya dəvət edib. Şəxsi əlaqələri hesabına çoxlu tələbənin Almaniya universitetlərində oxumasına şərait yaradıb.

Azərbaycanla əlaqəsini heç vaxt kəsməyən istedadlı alim ildə heç olmasa bir dəfə vətənə gəlir, doğma yerlərə, insanlara baş çəkir. O, bu səfərləri zamanı Almaniya universitetlərində çalışan görkəmli alimləri, digər şəxsiyyətləri də özü ilə gətirir. Bu, həm Almaniya ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin qurulmasında, həm də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayır. Bunlara misal olaraq bizimlə söhbətində Məsud müəllim Almaniya Cərrahlar Cəmiyyətinin sədri, dünyanın tanınmış cərrahlarından olan professor Dirk Kauserin, Ştutqart Universitetinin iqtisadiyyat fakültəsinin dekanı, professor Uli Arnoldun, Almaniyanın strateji institutlarından birinin direktoru K.Y.Maasın adlarını çəkdi. Həmin alimlər Məsud müəllimlə birlikdə dəfələrlə ölkəmizdə olmuş, AMEA, Maliyyə Nazirliyi, Dövlət Neft Fondu, Azərbaycan Diplomatik Akademiyası və s. kimi idarələrdə səmərəli görüşlər keçirmiş, fikir mübadiləsi aparmış, təhsil müəssisələrində mühazirələr oxumuşlar.

Belə səfərlər zamanı Məsud müəllim özü də Təhsil Nazirliyi ilə, digər təhsil qurumları ilə əlaqə saxlayıb təhsilə dair tədbirlərdə iştirak edir, tələbələrlə görüşür. Budəfəki səfərində də fürsəti əldən vermək istəməmiş, həmin gün geriyə qayıtmalı olduğu və təyyarəyə bilet aldığı halda, nazir Misir Mərdanovun təklifini qəbul edərək, imkan tapıb yarım saat da olsa tələbələrlə görüşə gəlmişdi.

Məsud müəllim gərgin elmi fəaliyyətinə baxmayaraq, Azərbaycanın Almaniyadakı, Yaponiyadakı səfirlikləri ilə sıx əməkdaşlıq edir, siyasi-mədəni əlaqələrin möhkəmlənməsi, elmi-təhsil istiqamətli layihələrin həyata keçirilməsində dəyərli məsləhətləri ilə yaxından iştirak edir. O, həm də Azərbaycanın xaricdə keçirdiyi tədbirlərin fəal iştirakçısıdır. Onun bilavasitə iştirakı ilə AMEA və Yaponiya Elmin Təşviqi Cəmiyyəti (JSRS) arasında əməkdaşlıq layihəsi hazırlanır. AMEA ilə Yaponiyanın Osaka Universiteti arasında təsis edilən layihənin də təşəbbüsçüsü Məsud müəllimdir.

Professor M.Əfəndiyev Almaniyada təhsil alan azərbaycanlı tələbələrlə tez-tez görüşür, onlara kömək edir, qayğılarını bölüşür. O həmçinin Almaniyadakı səfirliyimizin təhsillə bağlı bütün tədbirlərinə qatılır, öz məsləhətlərini əsirgəmir. Ona Gürcüstandan, Rusiyadan məsləhət, kömək üçün çoxsaylı müraciətlər olur. Almaniyada Avropa Universiteti açmaq istəyən Gürcüstan Respublikası müvafiq təqdimat yazmaq üçün məhz Məsud müəllimə müraciət etmişdir. Görkəmli alim müxtəlif vaxtlarda vətəndə olarkən onun köməyindən, təcrübəsindən təhsil sahəsində istifadə olunması üçün bir neçə dəfə müraciət edib, rəsmi məktub yazıb.

Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun rəhbərlik etdiyi ölkəmizin təhsil işçilərindən ibarət nümayəndə heyəti bu ilin mart-aprel aylarında Almaniyada səfərdə olarkən M.Əfəndiyevin təklifi və təşəbbüsü ilə 1-4 oktyabr tarixində Almaniyada Azərbaycan təhsilinə, Azərbaycan tələbələri və alimlərinin alman alimləri ilə əlaqələrinə həsr olunmuş konfransın keçirilməsi qərara alınıb. Bu çox böyük tədbirin hazırlanmasını da Məsud Əfəndiyev öz öhdəsinə götürüb.

ötən il Almaniyada Azərbaycan ili keçirilmişdir. Məsud Əfəndiyev həmin il çərçivəsində keçirilən tədbirlərin əksəriyyətinin iştirakçısı olmuşdur. Məsud müəllimin fikrincə, Almaniya və Azərbaycan arasında hərtərəfli əlaqələrin inkişafında hər iki ölkənin elm mərkəzləri və tədris ocaqlarının birgə layihələr yerinə yetirməsi, müxtəlif konfransların keçirilməsi və elmi araşdırmaların aparılması çox vacibdir. O, Bakı Slavyan Universiteti ilə Almaniyanın Mayns və digər universitetləri arasında həyata keçirilən "Nibelunqlar haqqında nəğmə" və "Dədə Qorqud" dastanlarının müqayisəli araşdırılması adlı beşillik layihəni bu qəbildən maraqlı saydı. Belə layihələrin keçirilməsinin həm elmin inkişafına, həm də qarşılıqlı anlaşma mühitinin yaranmasına xidmət etdiyini vurğuladı.

 

"Azərbaycan vətəndaşlığından qürur duyuram"

 

çağdaş tətbiqi riyaziyyat elminin görkəmli nümayəndəsi olan həmyerlimizin Almaniyadakı 19 illik həyatının maraqlı nüanslarından biri də onun öz qoynunu məmnuniyyətlə bu azəri oğluna açmış Almaniyanın vətəndaşlığını almaması, Azərbaycan vətəndaşı olaraq qalmasıdır.

Söhbət zamanı bizi maraqlandıran bu məsələyə M.Əfəndiyevin münasibəti belə oldu:

- Mənə illər öncə Almaniyada qeyd-şərtsiz yaşamaq icazəsi verilib. Əlbəttə, istəsəydim indiyədək çoxdan Almaniya vətəndaşlığı ala bilərdim, bu barədə mənə təklif də olub. Lakin mən ondan imtina etdim. Dedim ki, almanlar böyük xalqdır. Dünyaya çoxlu alimlər, ədəbiyyat və incəsənət xadimləri verib. ölkənizdə normal elmi fəaliyyətim üçün mənə hər cür şərait yaradılıb. Bu baxımdan Almaniyaya, alman xalqına minnətdarlığımı bildirirəm. Lakin Azərbaycan alimi olaraq tanınmaq mənə daha xoşdur. Mən hər yerdə Azərbaycan vətəndaşı olmağımdan qürur duyuram. Hər elmi məclislərdə, görüşlərdə təqdim olunarkən doğma vətənimin adının xüsusi vurğulanması mənə qol-qanad verir".

Bu sözlər vətənin adını daim ucaltmaq, bütün dünyada tanıtdırmaq üçün əlinə düşən hər bir imkandan məharətlə istifadə edən və bundan zövq alan vətəndaş alimin doğma yurduna dərin məhəbbətini ifadə edirdi. Bu məhəbbət son qırx ilə yaxın bir dövrdə əsasən xarici ölkələrdə yaşayıb təhsil alan, elmi fəaliyyətlə məşğul olan alimin öz ana dilinə münasibətində də aydın duyulurdu: rus dilində təhsil almasına, gündəlik həyatında əsasən alman dilindən istifadə etməsinə və bunlardan əlavə daha 5 dili mükəmməl bilməsinə baxmayaraq, Azərbaycan dilində təmiz danışır.

 

"Qafqaz ölkələri arasında Azərbaycanı daha çox tanıyırlar"

 

Onunla qısa söhbətimizdə Almaniyada, getdiyi digər ölkələrdə Azərbaycanın necə tanınması, təhsilimizin səviyyəsi haqqında fikirlərini öyrənmək üçün də suallar verdim. Dedi ki, hazırda Almaniyada Qafqaz ölkələri arasında ən çox tanınan Azərbaycandır. Son zamanlar Azərbaycanın bölgənin aparıcı dövlətinə çevrilməsi, ölkəmizin dünyada tanıdılması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində aparılmış məqsədyönlü işlər öz bəhrəsini vermişdir. İndi Azərbaycanı dünyanın əksər ölkələrində, o cümlədən də Almaniyada yaxşı tanıyırlar. Məsud müəllim təvazökarlıq edib dilə gətirməsə də ölkəmizin xaricdə tanınmasında onun kimi millət oğullarının, xaricdə yaşayan tanınmış alimlərin, mədəniyyət və incəsənət xadimlərinin də rolu az deyil.

Məsud Əfəndiyev "Təhsilin hansı səviyyədə olduğunu ölkədə yaşayan sizlər daha yaxşı bilərsiniz" desə də, bütövlükdə ölkəmizdə sürətli inkişaf getdiyini, təhsildə də böyük dəyişikliklərin olduğunu qeyd edib təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan işləri, Azərbaycanın Boloniya prosesinə qoşulmasını, təhsilimizin Avropa təhsil məkanına inteqrasiyası istiqamətində həyata keçirilən tədbirləri yüksək dəyərləndirdi.

 

"Tətbiqi riyaziyyat", ya riyaziyyatın tətbiqi

 

Professor Məsud Əfəndiyevin elmi fəaliyyəti, özünün dediyi kimi, "Tətbiqi riyaziyyat"dan çox riyaziyyatın tətbiqi ilə bağlıdır. Burada söhbət riyaziyyatın müxtəlif elm sahələrinə tətbiqindən gedir. Böyük alim əsasən eksperiment nəticəsində əldə olunmuş nəticələrin ümumiləşmiş modellərinin yaradılması istiqamətində elmi fəaliyyət göstərir. M.Əfəndiyev məşğul olduğu sahənin mahiyyətini belə açıqladı: "Tutalım sən bir eksperiment apardın və nəticədə maraqlı bir obyekt və ya məhsul əldə etdin. Sən o məhsulun başqa əlamət və xassələrini üzə çıxarmaq üçün hər dəfə yeni-yeni eksperimentlər aparmalısan. Ancaq hər bir eksperiment çoxlu, son dərəcə böyük məbləğdə vəsait və zaman tələb edir. Ona görə də biz əgər bu prosesin riyazi modellərini qursaq, tək bir eksperimentin nəticəsində prosesin parametrləri və qanunauyğunluqları haqqında böyük informasiyalar əldə etmiş oluruq. Riyaziyyatın ekologiyada, təbabətdə, biologiyada tətbiqi deyərkən əldə olunmuş eksperimentlərin nəticələrini ümumiləşdirərək, daha dolğun, daha dəqiq və düzgün riyazi modellərin qurulması başa düşülməlidir. Bu modellər eksperimentlərin səmərəliliyini ölçüyəgəlməz dərəcədə artırır, həm vaxta, həm də vəsaitlərə qənaət edilməsinə şərait yaradır".

Həmsöhbətimiz hazırda riyaziyyatın biologiya, təbabət və ekologiyaya tətbiqi istiqamətində daha fəal iş aparıldığını bildirdi. çünki bu sahələrdə problemlər bəşəriyyətin gələcəyini təhdid edir və buna görə də onların həlli yolları tapılmalıdır. M.Əfəndiyev bu istiqamətdə aparılan işlərə konkret misallar da gətirdi. Bildirdi ki, son on-on beş ildə güclü mikroskopların köməyi ilə insan sağlamlığı üçün təhlükə törədən bakteriyaların özlərinə koloniya qurduğu, insanlar kimi cəmiyyət yaratdığı müəyyən olunub. Bu, elmdə biofilm adlandırılır. Həmin biofilmlər onlara xarici təsiri azaltmaq üçün özlərinə, bir növ, qala qururlar. Antibiotiklər tək bakteriyalara dərhal təsir etdikləri halda biofilmlərə o qədər də təsir edə bilmir. Diffuziv təsir nəticəsində koloniyaların yalnız üst təbəqəsi məhv edilir, alt qatda olan bakteriyalar isə müəyyən vaxtdan sonra yenidən hərəkətə başlayırlar. Riyazi modellər ən müxtəlif təsirlər nəticəsində bakteriyaların artım dinamikası, ətraf mühitin, antibiotiklərin onlara təsiri və s. kimi çoxlu sayda amillər nəzərə alınmaqla qurulur və bakteriyalara qarşı optimal mübarizə yollarının tapılmasına kömək edir.

Məsud müəllim başqa bir misalla hazırda ən ümdə ekoloji problemlərdən biri olan qrunt sularının qorunmasına riyazi modelləşdirmənin tətbiqini də izah etdi:

- Hamımız yaxşı bilirik ki, çirkli, kanalizasiya suları, sənaye və məişət tullantıları hara gəldi axıdılır. üzərində yaşadığımız torpaq isə məsaməli olduğundan həmin sular torpağa hoparaq təmiz sulara qarışır. Bunun qarşısını almaq üçün bakteriyalardan istifadə olunur. Torpaqda eyni bakteriya koloniyaları, biofilmlər yaradılır, onlar yağışın təsirilə artıb çoxalır və məsamələri tuturlar. Beləliklə, bu suların qarışmasının qarşısı alınmış olur. Biz həmin prosesin riyazi modellərini qururuq. Mənim bu barədə bir çox məqalələrim dərc olunub.

 

Əfəndiyevlər ailəsi

 

Əfəndiyevlər ailəsi Almaniyanın Ştutqart şəhərində yaşayır. Bu, Məsud müəllimin əsas iş yerinin olduğu Münhendən avtomobillə, təxminən, 2 saatlıq məsafədə yerləşən bir şəhərdir. Məsud Əfəndiyevin həyat yoldaşı azərbaycanlıdır. O da təhsillə bağlı insandır. Azərbaycan Dövlət Konservatoriyasını bitirib, Almaniyada musiqi akademiyasında dərs deyir.

Bir oğlu, bir qızı var. Oğlunun adı Fəriddir. Fərid Ştutqart Universitetinin siyasi və iqtisadi fakültəsini bitirmək üzrədir. Qızı Məryəm isə Ştutqartda Artur Şiller adına gimnaziyada IX sinifdə oxuyur. Əla oxuduğuna görə "Bushpreis" (tərifnamə) alıb.

***

Xalqımızın çox istedadlı bir oğlunu tanıdıq və oxuculara da tanıtmağa cəhd etdik. Məsud müəllimin Bakıda, Təhsil Nazirliyində, xaricə oxumağa gedən tələbələrlə görüşdə onlara ünvanladığı arzu ilə yazımızı bitiririk. "Mən istəyirəm, Azərbaycanın tanınmış alimləri, ədəbiyyat və incəsənət xadimləri o qədər çox olsun ki, xaricdə bizləri dəyişik salsınlar". Nə demək olar, gözəl arzudur.

 

Yusif ƏLİYEV

Bölmə: Elm xadimləri | Daxil edib: intuitive (14.06.2010) W
Oxunub: 1608 | Şərhlər: 1 | Teqlər: Professor, ALMANİYA | Reytinq: 4.0/2
Şərhlər cəmi: 0
Qeydiyatdan keçmiş istifadəçilər şərhlər əlavə edə bilər.
[ Qeydiyyat | Daxil ol ]
Axtar
Teqlər

Musiqi mane olsa buradan
səsini azaldın və ya bağlayın


***********************

Ad günün mübarək!:
**************************
Saytın dostları

**********************
  • Prezidentin mektebli saytı
  • kurikulum
  • tehsil portalı
  • Zaqatala
  • BİAZ
  • Innovativ Müəllimlər IMM
  • Zaqatala Tədris Mərkəzi 
  • antifenu
    *********************
  • Sayt yarat
  • Web_master üçün
  • Programlar_hamı üçün
  • Əyləcə dünyası
  • Runetin ən yaxşı saytları
  • Kulinariya
    **********************
  • Səbət

    *********************


    30 avqust 2010 tarixdən
    ***********************
    free counters


    *******************
    new!!!
    УстановитеFlash player