Məqsəd keyfiyyət səviyyəsinə görə dünyada öncül mövqe tutan təhsil sistemi formalaşdırmaqdır
Mikayıl CABBAROV: "Təhsilin inkişafı üzrə Dövlət Strategiyası islahatların uğurla davam etdirilməsinə əsaslı zəmin yaradır"
Müasir
dövrdə qloballaşan dünyanın tələblərinə uyğun təhsil sistemi
formalaşdırmaq ölkənin beynəlxalq rəqabətliliyini şərtləndirən əsas
amillərdəndir. Bu baxımdan ölkə ictimaiyyətini düşündürən, təhsil sahəsi
ilə maraqlanan hər kəsi narahat edən məsələlərin köklü həllini nəzərdə
tutan "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət
Strategiyası"nın qəbul olunması mühüm əhəmiyyət kəsb edir.
Dövlət Strategiyasının əsas hədəfləri sırasında Azərbaycanın inkişaf
konsepsiyasına uyğun olaraq hər bir şəxs üçün bərabər, keyfiyyətli
təhsil imkanlarının yaradılması, təhsil sisteminin institusional
əsaslarının, infrastrukturunun və insan resurslarının inkişaf
etdirilməsi məsələlərinə xüsusi yer verilmişdir. Bütün bunlar
texnologiyaları çevik mənimsəməyə, əmək bazarında layiqli yer tutmağa və
ömür boyu təhsil prosesinə qoşulmağa imkan verən strateji və konseptual
məqamlardır.
Azərbaycan Respublikasının təhsil naziri Mikayıl CABBAROV söhbətində
Dövlət Strategiyasında əksini tapmış müddəaların reallaşdırılması,
təhsil sahəsində gözlənilən dəyişikliklər və digər məsələlərə aydınlıq
gətirdi.
Təhsil fenomeni dünyanın yeni inkişaf trendlərini müəyyən edir
- Cənab nazir, ölkə Prezidenti cənab İlham Əliyev "Azərbaycan
Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nın təsdiq
olunması ilə bağlı sərəncam imzalamışdır. Bu sənədin qarşıya qoyduğu
əsas məqsəd nədən ibarətdir?
- Strategiyanın konkret məqsədlərini qeyd etməzdən əvvəl istərdim ki,
qısa şəkildə onu zəruri edən səbəblərə toxunam. Yaxın perspektivdə
Azərbaycanda təhsilin inkişafını hədəfə alan Dövlət Strategiyasında da
əks olunduğu kimi, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu
möhkəm bünövrə və onun layiqli davamçısı möhtərəm Prezident İlham
Əliyevin apardığı genişmiqyaslı sosial-iqtisadi siyasət nəticəsində
ölkəmiz hazırda özünün yüksək inkişaf dövrünü yaşayır. Aparılan
məqsədyönlü islahatlar ölkəmizi müasir inkişaf səviyyəsinə çatdırmaqla
yanaşı, həm də gələcək üçün etibarlı zəmin yaradıb. Azərbaycan artıq
yeni dövrə - modernləşdirmə dövrünə qədəm qoyub. Bu dövrün hədəfləri
sosial-iqtisadi həyatın qabaqcıl beynəlxalq təcrübəyə
uyğunlaşdırılmasından, bu yolla davamlı iqtisadi inkişafın təmin
olunmasından, eləcə də əhalinin həyat səviyyəsinin daha da
yüksəldilməsindən ibarətdir. Xalqımızın müstəqil yaşamaq kimi tarixi
haqqının gerçəkləşməsi gələcək inkişaf perspektivlərinin aydın şəkildə
müəyyənləşdirilməsinə imkan verir. Güclü və dinamik inkişaf edən
Azərbaycanın insan kapitalı müasir dövlətçilik fəlsəfəmizin əsas
hədəfidir. Bu hədəflərin gerçəkləşməsi də xeyli dərəcədə təhsilin
üzərinə düşür və onun daşıdığı missiya ilə bağlıdır.
Müasir dövrümüzdə insanlar, daha geniş çevrədə dövlətlər və nəhayət,
bəşəriyyət bir şeyi aydın dərk edib ki, təhsil fenomeni dünyanın yeni
inkişaf trendlərini müəyyən edir. Bu, dünən də belə olmuşdur, bu gün də
belədir, gələcəkdə də belə olacaqdır.
Dünyada və onun bir parçası olan Azərbaycanda müasirləşmənin yolu
yeni təhsil fəlsəfəsinin, elmi nailiyyətlərin və innovasiyaların məhsulu
olan qabaqcıl texnologiyaların, idarəetmə üsullarının tətbiqindən
keçir. Bunun üçün əsas prioritet istiqamətlər ölkə iqtisadiyyatının
dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirməkdən, insan
kapitalının inkişafını, hər bir ölkə vətəndaşının müasir bilik və
bacarıqlara yiyələnməsini təmin etməkdən ibarətdir. Bütün bunlara isə
məhz təhsilin inkişafı sayəsində nail olmaq mümkündür.
Eyni zamanda, sürətlə modernləşən Azərbaycanda təhsilin insan
kapitalının inkişafı çağırışlarına cavab verməsi üçün yeni, daha təsirli
addımların atılmasına ehtiyac vardır. Bu ehtiyacın ödənilməsi
tələbindən irəli gələn Dövlət Strategiyasının əsas məqsədi ölkədə
səriştəli təhsilverənlərə, ən yeni texnologiyalara əsaslanan
infrastruktura malik, keyfiyyət səviyyəsinə görə dünyada öncül mövqe
tutan təhsil sistemi formalaşdırmaqdır. Bir daha qeyd etmək istərdim ki,
təhsil sistemimiz iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı
təhsil sistemlərinin standartlarına uyğun səviyyəyə qaldırılmalıdır.
Bunun üçün isə bizə yol göstərən, fəaliyyət istiqamətlərimizi
müəyyənləşdirən konseptual sənədimiz var - Dövlət Strategiyası.
İnanmaq istərdim ki, strategiyanın reallaşdırılması bu məqsədə nail
olmağa, təhsilin məzmununun, kadr hazırlığının, təhsildə idarəetmənin,
infrastrukturun Azərbaycanın perspektiv inkişaf konsepsiyasına uyğun
yenidən qurulmasına imkan verəcək, ölkədə biliklərə əsaslanan
iqtisadiyyatın və informasiya cəmiyyətinin təşəkkülünü, davamlı inkişafı
təmin edəcəkdir. Bu, inkişafın Azərbaycan modelinin qurulmasında
təhsildən gözlədiyimiz töhfələr olacaqdır.
- Bəs, Dövlət Strategiyasının həyata keçirilməsi ilə bağlı perspektivdə hansı işlərin görülməsi nəzərdə tutulur?
- İlk növbədə Dövlət Strategiyasının həyata keçirilməsi üzrə
fəaliyyət planının layihəsi beş ay müddətində hazırlanaraq Azərbaycan
Respublikasının Prezidentinə təqdim edilməlidir. Fəaliyyət planı
Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunduqdan sonra
nəzərdə tutulan işlərin görülməsinə başlanılacaqdır. Artıq Təhsil
Nazirliyində müvafiq sahələri əhatə edən fəaliyyət planının hazırlanması
məqsədilə işçi qrup yaradılmışdır.
Onu da qeyd edək ki, strategiyanın həyata keçirilməsi üzrə fəaliyyət
planı yerli mütəxəssislərlə yanaşı, beynəlxalq ekspertlər də cəlb
olunmaqla hazırlanacaqdır.
Təbii ki, fəaliyyət planında islahatların məqsədi və strateji
istiqamətləri, seçilmiş prioritetlər, onların reallaşdırılması üçün
qəbul olunmalı dövlət proqramları, icraya məsul və tərəfdaş qurumlar,
aralıq və yekun hədəflər, həmçinin, icra dövrü dəqiq şəkildə müəyyən
ediləcəkdir.
Təhsilin keyfiyyətinin yüksəldilməsi üçün təhsili idarəetmə sistemi yenidən qurulmalıdır
- Strategiya ilə tanış olduqda xeyli yeni hədəf və gələcək fəaliyyət
istiqamətlərinin əks olunduğunu görürük. Ümumiyyətlə, əsas hansı
istiqamətlər üzrə islahatların aparılması nəzərdə tutulmuşdur?
- Bu sualla bağlı bir rəvayəti xatırladım. Məşhur rəvayətdə daş
ustlarının birindən soruşanda ki, sən nə ilə məşğulsan? O cavabında
araba ilə daş daşıdığını qeyd edir. İkinci ustadan soruşanda ki, bəs,
sən nə ilə məşğulsan? O, "Şartr qəsrini tikirəm", - deyərək öz işini son
məqsədə bağlamışdır.
İlk növbədə onu qeyd etmək istərdim ki, XXI əsrdə təhsilli insan
anlayışı kifayət qədər yeni meyarlarla ölçülür. Bu gün təhsilli şəxs
yeni əsrin ab-havasına daha yaxından bələd olmalı, düşüncə tərzi ilə
yeni bilik və kommunikasiya texnologiyalarını əxz etməli, ömürboyu
öyrənməli və ya informasiyanı biliyə, biliyi isə bacarığa çevirə
bilməlidir. Bu yanaşma həm də müasir təhsil paradiqmalarını özündə
ehtiva edir. Bunun üçün nə etməli? İlk növbədə təhsildə innovativ
idarəetmənin bərqərar olmasına nail olmalı, hər bir təhsilalana
hərtərəfli bilik və bacarıqların verilməsi məqsədi ilə təhsil sisteminin
institusional əsasları, infrastrukturu və insan resursları inkişaf
etdirilməlidir. Təhsilin keyfiyyətinin yüksəldilməsi üçün isə bir daha
qeyd edirəm ki, təhsili idarəetmə sisteminin yenidən qurulması, bu
sahədə insan resurslarının inkişaf etdirilməsi və müəllim peşəsinin
nüfuzunun artırılması vacibdir.
Dövlət Strategiyasında qeyd olunan əsas parametrlər ölkədə keyfiyyət
nəticələrinə və əhatəliliyinə görə beynəlxalq aləmdə öncül mövqe tutan,
səriştəli müəllim və təhsil menecerlərini, müasir texnologiyaya
əsaslanan infrastruktura malik təhsil sisteminin yaradılması üçün beş
strateji istiqamətdə islahatyönümlü tədbirlərin həyata keçirilməsini
nəzərdə tutur. Bunları strategiyada göstərildiyi kimi sadalasaq, belə
təsnif edə bilərik: təhsilin məzmunu, müəllim və tədris metodları,
idarəetmə, infrastruktur və maliyyələşmə.
Səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsilin məzmununun
yaradılmasını nəzərdə tutan birinci istiqamət müasir təhsilşünaslığın ən
çox müraciət etdiyi məsələdir. Strategiyada təhsilin məzmunu ilə bağlı
məqam təhsil sisteminin bütün pillələrini - məktəbəqədər, ümumi, ilk
peşə-ixtisas, orta ixtisas və ali təhsil üzrə kurikulumların inkişaf
etdirilməsi kimi vacib hədəfləri əhatə edir.
Bildiyiniz kimi, "Təhsil haqqında" Azərbaycan Respublikasının
Qanununa əsasən ümumi təhsilin dövlət standartları və proqramları təsdiq
edilmişdir və hazırda tətbiq olunmaqdadır. Ümumi təhsil üzrə yeni
hazırlanmış fənn kurikulumları I-VI siniflərdə tətbiq edilir. Digər
siniflər üzrə də təhsilin məzmunu ilə bağlı start götürən proseslər də
davam etdiriləcəkdir. Burada xüsusilə qeyd olunmalıdır ki, məktəbəqədər
təhsil pilləsi üzrə kurikulumun işlənib hazırlanması çox vacib amildir
və bu, strategiyada diqqət yetirilən məsələlərdəndir.
Mövcud ilk peşə-ixtisas və orta ixtisas təhsili kurikulumları da
hazırda dövrün tələblərinə cavab vermir. Müəllim hazırlığı üzrə yeni
kurikulumlar tətbiq edilsə də, bütövlükdə ali təhsil müəssisələrinin
kurikulumları əmək bazarının müasir şərtlərinə uyğun gəlmir. Odur ki,
strategiyanın birinci strateji istiqaməti üzrə, əsasən kurikulumların
daha da inkişaf etdirilməsi nəzərdə tutulur və bu prosesin davamlı
xarakter alması qeyd olunur.
İkinci istiqamət təhsil sahəsində çalışanların bilik, bacarıq və
kompetensiyalarının daim inkişaf etdirilməsini nəzərdə tutur. Bu
istiqamət müasir, innovativ təlim forma və üsullarını öz işində tətbiq
edən, təhsilin məzmununun səmərəli mənimsənilməsinə nail olan səriştəli
müəllimlərin hazırlanmasına xidmət edir. İndiyədək səriştəyə
əsaslanmayan, əmək bazarında kifayət qədər rəqabətli olmayan əməkhaqqı
sisteminin mövcud olması təhsildə müəllim amilinin inkişafına mənfi
təsir göstərib. Ona görə də təhsil sisteminin bütün pillələrində
müəllimlərin bilik, bacarıq və peşəkarlıq qabiliyyətlərinin müasir
dövrün tələblərinə uyğun yüksəldilməsi təmin edilməlidir. Təsadüfi deyil
ki, ikinci strateji istiqamət özündə həm də müəllimlərin peşəkarlığının
yüksəldilməsi, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə
yeni sistemin qurulması, istedadlarının üzə çıxarılması və inkişafı,
xüsusi qayğıya ehtiyacı olanların inklüziv təhsilə cəlb olunması kimi
fəaliyyət sahələrini birləşdirir. Burada xüsusi qayğıya ehtiyacı
olanların inkluziv təhsili anlayışının sərhədlərini geniş düşünmək
lazımdır. Xüsusi istedadlı təhsilalanların da bu anlayışa daxil olması
tamamilə yeni yanaşmalar tələb edir.
Bu yanaşmalar isə müasir, innovativ tədris metodlarının təcrübəyə
gətirilməsini, İKT-dən təhsildə daha geniş istifadəni də nəzərdə tutur
ki, bunlarsız müasir dərsi, çağdaş müəllimin fəaliyyətini təsəvvür etmək
mümkün deyil.
Üçüncü strateji istiqamət təhsildə nəticələrə görə cavabdeh şəffaf və
səmərəli idarəetmə mexanizmlərinin yaradılmasına yönəlmişdir. Hazırda
təhsilin idarə olunmasında başlıca problemlərdən biri tənzimləmə,
idarəetmə və nəzarət funksiyalarının dəqiq müəyyən edilməməsidir. Dövlət
təhsil müəssisələrinin tabeçilik məsələlərində müəyyən uyğunsuzluqlar
qalmaqdadır. Dövlət Strategiyasında təhsilin idarəolunması ilə bağlı
tamamilə yeni mexanizm ehtiva olunur. Nəzərdə tutulur ki, təhsil
sistemində tənzimləmə və idarəetmə qabaqcıl beynəlxalq təcrübə əsasında
müasirləşdirilsin, təhsil müəssisələrində nəticəyönümlü və şəffaf
idarəetmə modeli tətbiq olunsun, təhsilin keyfiyyətinin təminatı və
idarəetmə üzrə yeni məlumat və hesabat sistemləri yaradılsın. Bununla da
təhsilin idarə olunması konseptində qərar vermə mexanizmləri,
səlahiyyət və məsuliyyətin çərçivəsi, hesabatlılıq meyarları yeni
mahiyyət kəsb edir. Səlahiyyətlə hesabatlılıq arasında uzlaşma, əlaqə
mütənasibliyi təmin olunur.
Dördüncü strateji istiqamət müasir tələblərə uyğun və ömür boyu
təhsili təmin edən infrastrukturun yaradılmasını nəzərdə tutur.
Müşahidələr göstərir ki, tədris prosesində müasir texnologiyalar məhdud
miqyasda tətbiq edilir. Ona görə də təhsil müəssisələrində IKT əsaslı
təlim metodologiyasına uyğun infrastrukturun yaradılması yaxın
perspektivin prioritet məsələsi hesab olunur. Burada bir məqama diqqət
yetirmək lazımdır. Bu sənəddə ilk dəfə olaraq ömürboyu təhsil anlayışına
xüsusi əhəmiyyət verilir. Bu da ondan irəli gəlir ki, informasiya
cəmiyyəti ömürboyu öyrənmə bacarıqlarına sahib fərdlərə ehtiyac duyur.
Bu məqsədlə də təhsil müəssisələri şəbəkəsinin rasionallaşdırılması,
distant təhsil, istedadlı və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün
təhsil, yaşlıların təhsili, regionlarda təhsil məsələləri üzrə məsləhət
xidmətləri göstərən universal mərkəzlərin yaradılması, peşə tədris
mərkəzləri və komplekslərinin qurulması kimi tədbirlər qeyd olunan
istiqamət çərçivəsində nəzərdə tutulan əsas hədəflərdəndir.
Nəhayət, beşinci istiqamət ölkəmizdə iqtisadi cəhətdən dayanıqlı və
dünyanın öndə gedən təhsil sistemlərinin standartları ilə eyni səviyyədə
dura bilən maliyyələşdirmə modelinin qurulmasını özündə ehtiva edir. Bu
istiqamət çərçivəsində təhsilin mövcud maliyyələşdirmə sisteminin
təkmilləşdirilməsi, təhsil müəssisələrinin adambaşına maliyyələşmə
sisteminə keçidi, ödənişli təhsil xidmətləri göstərilməsinin
dəstəklənməsi və Təhsilin İnkişafı Fondunun yaradılması nəzərdə tutulur.
- Dövlət Strategiyasının tətbiqi nəticəsində məktəbəqədər təhsilin
müasir tələblər səviyyəsinə yüksəlməsi mümkün olacaqmı? Fəaliyyət
planında bununla bağlı nələri görə biləcəyik?
- Bu gün müasir təhsil platforması bizə onu deyir ki, təməl
bacarıqlar uşaqlıq dövrünün ilk illərindən əldə edildiyinə görə
uşaqların zehninin erkən yaş dövründən inkişaf etdirilməsi vacibdir. Bu
səbəbdən məktəbəqədər təhsilin inkişafına dövlət siyasətində ciddi
əhəmiyyət verilir.
Etiraf etməliyik ki, respublikamızda məktəbəqədər təhsilə cəlb olunma
səviyyəsi aşağıdır. Belə ki, məktəbəqədər təhsillə əhatə səviyyəsi
şəhərlərdə 23,4 faiz, kəndlərdə 8,7 faiz, ölkə üzrə isə 16,5 faiz təşkil
edir.
Son illərdə paytaxtımızda yeni məktəbəqədər təhsil müəssisələrinin
inşası və ya əsaslı təmiri istiqamətində çox mühüm addımlar atılmışdır.
Bunun nəticəsində məktəbəqədər təhsillə əhatə səviyyəsi artaraq 27 faizə
çatmışdır. Lakin bu sahədə həllini gözləyən problemlər hələ də
qalmaqdadır. Ölkənin yaşayış məntəqələrinin əksəriyyətində məktəbəqədər
təhsil müəssisəsi yoxdur. Dövlət Strategiyasında uşaqların erkən yaş
dövründə inkişafının səmərəli təhsil modelinə əsaslanan standart və
kurikulumlarının hazırlanması, məktəbəqədər yaşlı uşaqların fiziki və
əqli inkişafını, sosiallaşmasını təmin edən, yaradıcılıq
qabiliyyətlərini üzə çıxaran, onlarda həyati bilik və bacarıqları,
davranış qaydalarını aşılayan təhsil standartlarının və yeni
kurikulumların hazırlanması, məktəbəqədər, eləcə də ümumi təhsil
müəssisələrində uşaqlara pulsuz əsaslarla müvafiq xidmətlərin
göstərilməsi (dərs və ya təlim vəsaitləri və s.) də strateji hədəflər
sırasında yer almışdır. Həmçinin erkən yaşlı uşaqların məktəbəqədər
təhsillə əhatəsinin 90 faiz səviyyəsinə çatdırılması əsas məqsəd kimi
qarşıya qoyulmuşdur. Burada bir şeyi nəzərə almaq lazımdır ki, biz
məktəbəqədər təhsili təhsil pillələrinin çox vacib həlqəsi kimi nəzərə
alaraq onun inkişaf perspektivini çox aydın görürük.
12 illik ümumi təhsili tətbiq edən ölkələrin sayı 170-i ötüb
- Dövlət Strategiyasında 12 illik ümumi təhsilə keçidlə bağlı məqam
ictimaiyyətdə böyük maraqla qarşılanıb və çoxsaylı suallar yaranıb. Bu
keçid təhsildə hansı yeniliklərə və keyfiyyət dəyişikliklərinə səbəb
olacaq?
- Əvvəla, onu bildirim ki, 12 illik ümumi təhsilə keçidi zaman,
təhsilin məzmununda baş verən yeniliklər, bir sıra araşdırmaların
nəticələrinin nəzərə alınması diktə edir.
Dünyanın bir çox qabaqcıl ölkələrində təhsil müddətinin artırılması
istiqamətində artıq müəyyən addımlar atılmışdır və bu proses davam
etməkdədir. Məsələn, Kanada, Fransa, Hollandiya və Çexiyada hazırda
ümumi təhsilin müddəti 14 ildir. Almaniya, Böyük Britaniya, İsveç,
Avstraliya və Yeni Zelandiyada 13 illik ümumi təhsil tətbiq olunur. ABŞ,
Finlandiya, Cənubi Koreya, Polşa və bir sıra digər ölkələrdə isə ümumi
təhsilin müddəti 12 ildir. Ümumiyyətlə, hazırda 12 illik ümumi təhsili
tətbiq edən ölkələr dünya üzrə çoxluq təşkil edir. Son statistik
məlumatlara görə belə ölkələrin sayı 170-i ötmüşdür. Çox az sayda ölkədə
ümumi təhsilin müddəti 11 il təşkil edir. Onu da vurğulamaq istərdim
ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məlumatına görə, hər
hansı bir ölkədə istənilən təhsil pilləsi uzrə təhsil müddətinin bir il
artırılması ölkənin Ümumi Daxili Məhsulunun 3-6 faiz artmasına gətirib
çıxarır. Bununla yanaşı, təhsil müddətinin artırılması təhsilə ayrılan
xərclərin də artması ilə nəticələnir. Özü də bu artım kifayət qədər
böyük rəqəmlərlə ifadə olunur. Lakin xərclərin artmasına və olduqca
böyük miqyaslı tədbirlərin həyata keçirilməsi perspektivlərinə
baxmayaraq, bu, Azərbaycan dövlətinin strateji xəttini, neft kapitalının
insan kapitalına çevrilməsini hədəfləyən kursun fəlsəfəsini əks
etdirir.
12 illik ümumi təhsilə keçidin təmin olunması üçün mövcud təhsil
standart və kurikulumların yenilənməsi, tam orta təhsil pilləsində
təlimin istiqamətlər üzrə aparılması nəzərdə tutulmuşdur. Ən əsas
məqamlardan biri ondan ibarətdir ki, 12 illik ümumi təhsil sisteminə
keçidlə əlaqədar ölkəmizdə 10 illik icbari ümumi orta təhsil və 2 illik
tam orta təhsil modeli tətbiq olunacaqdır. Bu modelə mərhələli şəkildə
keçmək planlaşdırılır. Bu sahədə yeniliklərdən biri və məncə, ən mühümü
tam orta təhsil səviyyəsində təhsil müəssisələrinin müxtəlif
istiqamətlər üzrə bölünməsidir. Digər bir məsələ də onunla bağlıdır ki,
biz ümumi orta təhsilin bu gün mövcud olan 9 illik icbari pilləsini bir
pillə artırırıq. 10 illik icbari ümumi orta təhsil və 2 illik tam orta
təhsil inkişafın yeni çağırışlarını dəyərləndirmək və daha yetkin
vətəndaş yetişdirmək baxımdan əlavə resurs və gələcəyə hazır olmaq
imkanıdır.
İnanırıq ki, ümumi təhsildə 12 illik təhsil modelinə keçid təhsilin keyfiyyətinin yüksəlməsinə öz müsbət təsirini göstərəcəkdir.
- Cənab nazir, ümumi təhsilin məzmunu və dərsliklər bu gün hamının
maraq dairəsində olan məsələdir. Bununla bağlı strategiyada hansı
tədbirlərin həyata keçirilməsi gözlənilir?
- Doğurdan da bu məsələyə cəmiyyət tərəfindən xüsusi diqqət var.
Strategiyada səriştəyə əsaslanan şəxsiyyətyönümlü təhsilin məzmununun
yaradılması birinci istiqamət kimi nəzərdə tutulmuşdur. Beynəlxalq
təcrübə göstərir ki, təhsilin məzmunu ilə bağlı başlıca meyillərdən biri
kurikulumların ölkənin sosial-iqtisadi inkişaf tələbləri və
prioritetləri ilə sıx əlaqələndirilməsindən ibarətdir.
Elmi-texniki tərəqqi, innovasiyalar və modernləşmə nəticəsində
praktik bilik və vərdişlərlə zənginləşməyən, sırf nəzəri xarakter
daşıyan təhsil öz əhəmiyyətini itirməkdədir. Bu baxımdan təhsilin
məzmununun formalaşmasında akademik biliklərlə yanaşı, praktik bilik və
bacarıqların, səriştənin vacibliyi önə çəkilir. Çünki səriştəyə
əsaslanan təhsil sosial-iqtisadi inkişafa daha səmərəli xidmət göstərir.
Kurikulumların məzmunu texnoloji irəliləyişin gətirdiyi yenilikləri
nəzərə almaqla daim inkişaf etdirilir. Bu isə müxtəlif təhsil
pillələrində spesifik yanaşma tələb edir. Məsələn, ümumi təhsil
pilləsində şəxsiyyətin hərtərəfli formalaşdırılması prioritet olduğu
halda, ali təhsildə əmək bazarının cari və gələcək tələbləri əsas
götürülür. Kurikulumlara əsaslanan yeni və alternativ dərsliklərin
yaradılması, şagird və müəllimlərin müvafiq dərslik seçiminin təmin
olunması bu sahədə görüləsi mühüm işlərdəndir. Bunlarla bərabər,
istedadlı uşaqlar üçün xüsusi inkişaf proqramları, xüsusi qayğıya
ehtiyacı olan uşaqlar üçün inkişaf və inklüziv təlim proqramları da
hazırlanacaqdır.
Bütün bunlar bizə o imkanları verəcək ki, təhsilalan təkcə bir
dərsliyi deyil, daha geniş öyrənmə mənbələri ilə, sınaqdan çıxmış və
dünyanın mötəbər nəşriyyatlarının qrifi ilə çap olunan xarici dərslik
nümunələri ilə, o cümlədən elektron resurslarla tanış ola bilsin,
öyrənməyi öyrənsin, yiyələndiyi biliyi bacarıq və vərdişə çevirsin.
Məktəb isə müəllim mərkəzli deyil, şagird-öyrənən mərkəzli olsun.
- Bildiyimizə görə, strategiyada məktəblərin idarə olunması və
maliyyələşməsi ilə bağlı konseptual qərarların qəbul olunması
gözlənilir. Buna münasibət bildirməyinizi xahiş edirəm.
- Tamamilə doğru söyləyirsiniz ki, strategiyaya əsasən təhsildə
nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin
yaradılması da qarşıda duran ən mühüm vəzifələrdəndir. Bilirsiniz ki,
hazırda təhsil müəssisələrinin idarəetmədə rolu məhduddur.
Özünüidarəetmə prinsipi əsasında fəaliyyət göstərən təhsil müəssisələri
istisna olmaqla dövlət təhsil müəssisələri maliyyə müstəqilliyinə malik
deyillər. Təhsil müəssisələrinin maliyyələşdirilməsi zamanı onların
fəaliyyətinin nəticələri nəzərə alınmır. Eyni zamanda, təhsil
müəssisələrinin rəhbərliyi tədrisin nəticələrinə görə ciddi məsuliyyət
daşımırlar.
Təhsilin yüksək keyfiyyətini təmin etmək üçün bu sahədə monitorinq,
keyfiyyət və fəaliyyət göstəriciləri sistemi inkişaf etdirilməlidir.
Təhsil və kadr hazırlığı prosesinə, eləcə də təhsilin məzmununun
təkmilləşdirilməsinə işəgötürənlərin cəlb olunması çox aşağı
səviyyədədir. Halbuki onlar bu prosesdə yaxından iştirak etməlidirlər.
Bu istiqamətlər, yəni təhsilin nəticələrə görə cavabdeh, şəffaf və
səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai xarakterli və
dövlət-biznes tərəfdaşlığına əsaslanan idarəetmə sisteminin
formalaşdırılması üçün strategiyada bir sıra məsələlər nəzərdə
tutulmuşdur. Bu sahə qabaqcıl beynəlxalq təcrübə əsasında yenidən
qurulacaqdır. Həmin təcrübəyə müvafiq olaraq tənzimləmə və idarəetmə
funksiyalarını həyata keçirən dövlət qurumlarının səlahiyyət və
məsuliyyət dairəsi yenidən müəyyənləşdiriləcəkdir.
Nəzərdə tutulmuşdur ki, təhsil müəssisələrinin yeni akkreditasiya,
təhsil sahəsində dövlət-biznes partnyorluğu sistemləri yaradılsın. Biz
nəzərə almalıyıq ki, təhsilalanın bilik, bacarıq və vərdişləri əmək
bazarının tələblərinə müvafiq olmalıdır. Bu da işəgötürənin təhsil
mühitinə cəlb olunması ilə bilavasitə bağlıdır.
Dövlət Strategiyasında nəzərdə tutulan təhsil müəssisələrinin
reytinq sisteminin yaradılmasına xüsusi baxmaq lazımdır. Reytinqin bütün
indikatorları nəzərə alınaraq ölçülməsi təhsil müəssisələri arasında
sağlam rəqabətin stimullaşdırılması, rəqabət elementlərinin müəyyən
olunması və tətbiq edilməsinə kömək edəcək. Bu həm də bizə təhsil
qurumlarının - şəhər,rayon təhsil şöbələrinin fəaliyyətini
təhsilalanların nailiyyətlərinə uyğun qiymətləndirməyə,təhsil
göstəricilərini nəticəyönümlü təhlil etməyə, xarakterik problemləri və
prioritetləri daha düzgün müəyyənləşdirməyə yardım edəcəkdir.
Buna görə də təhsil sistemində dövlət sifarişinin formalaşdırılması
məsələlərinə yenidən baxılması, ali və orta ixtisas təhsili
müəssisələrinə qəbul və yerləşdirmə mexanizminin təkmilləşdirilməsi,
təhsil müəssisələrinin nəticə yönümlü və şəffaf idarəetmə modelinin
yaradılması, təhsil ocaqlarına idarəetmə, akademik, maliyyə və təşkilati
muxtariyyət verilməsi bu sahədə başlıca hədəflərdəndir və yəqin ki,
bunların tətbiqi ilə bağlı müvafiq qərarlar qəbul olunacaqdır.
Maraqlı tərəflərin nümayəndələrinin iştirakı təmin edilməklə təhsil
müəssisələrinin dövlət-ictimai xarakterdə (Valideyn-Müəllim
Assosiasiyası, İdarəedici Şura, Qəyyumlar Şurası və s.) idarə olunması
təhsilin idarəetmə işinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsini təmin
edəcəkdir.
Təhsilin maliyyələşdirilməsi sahəsində də görüləsi işlər çoxdur.
Burada ən böyük hədəf təhsilə adekvat həcmdə maliyyə resurslarının cəlb
edilməsi, təhsil xərclərinin Ümumi Daxili Məhsula nisbətinin
mərhələlərlə 5-6 faizə çatdırılması, təhsil müəssisələrinin bir
təhsilalana düşən xərc əsasında maliyyələşdirmə mexanizminə keçididir.
Biz strategiyada tamamilə yeni maliyyə institutunun - büdcədənkənar
vəsaitlər hesabına formalaşdırılan Təhsilin İnkişaf Fondunun
yaradılmasını nəzərdə tutmuşuq. Bu da təhsillə bağlı xüsusi layihələrin,
tədqiqatların və s. yeni maliyyələşmə mexanizminin tətbiq olunmasına
yardım edəcəkdir.
Bu gün müəllimlərimizi əməkhaqqının artırılması məsələsi çox
maraqlandırır və bu barədə tez-tez müraciətlər olunur. Dövlət
Strategiyasında bu məsələ də öz əksini tapmışdır. Belə ki, strategiyada
müəllimlərin maddi motivasiyasının yaxşılaşdırılması, onların illik
əməkhaqqının adambaşına düşən Ümumi Daxili Məhsula nisbətən
mərhələlərlə, səriştə və nəticə əsasında diferensiallaşdırmaqla 1,8-2
dəfəyədək artırılması nəzərdə tutulmuşdur. Bununla bağlı daha dəqiq
meyarlar fəaliyyət planında öz əksini tapacaqdır.
- Cənab nazir, Dövlət Strategiyasının ilk peşə-ixtisas təhsilinin inkişafına təsiri nədən ibarət olacaqdır?
- Son illərdə ilk peşə-ixtisas təhsili müəssisələrinin
infrastrukturunun inkişafı sahəsində müəyyən işlər görülmüş, özəl
sektor, işəgötürənlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri
qurulmuşdur. Bu sahədə Təhsil Nazirliyinin həyata keçirdiyi "Müasir
Azərbaycan peşəkarları" layihəsi partnyorlarla effektiv işbirliyi
şəklində həyata keçirilir və iş davam etdirilir.
Lakin bu sahədə həlli vacib olan ciddi problemlər hələ də
qalmaqdadır. İlk peşə-ixtisas təhsilinin kurikulumları müasir tələblərə
cavab vermir. İlk peşə-ixtisas təhsili müəssisələrini bitirən şəxslərin
sayı iqtisadiyyatın tələbatından xeyli geridir. Son illərdə ümumi təhsil
müəssisələrini bitirən məzunların yalnız 11 faizinin ilk peşə-ixtisas
təhsili müəssisələrini seçməsi, ümumilikdə, ilk peşə-ixtisas təhsili
müəssisələrində təhsilalanların cəmi 25-27 min nəfər təşkil etməsi
cəmiyyətdə ilk peşə-ixtisas təhsilinə marağın aşağı olduğunu göstərir.
Strategiyada cəmiyyətin tələblərinə uyğun ilk peşə-ixtisas və orta
ixtisas təhsili standartları və kurikulumlarının hazırlanması, eləcə də
müasir təminatlı peşə-tədris mərkəzlərinin və komplekslərinin
yaradılması nəzərdə tutulmuşdur. Həmin tədbirlərin həyata keçirilməsi,
bu sahənin inkişafına öz müsbət təsirini göstərəcəkdir.
Ali təhsildə yeni yanaşmalar tələb olunur
- Strategiyada ali təhsil sahəsində hansı tədbirlərin həyata keçirilməsi planlaşdırılmışdır?
- Son illərdə Azərbaycan Respublikasında ali təhsilin inkişafı
istiqamətində mühüm işlər görülmüşdür. Bu sahədə Bolonya Bəyannaməsindən
irəli gələn başlıca prinsiplərin tətbiqi ilə bağlı dövlət proqramları
qəbul edilmiş, layihələr həyata keçirilmişdir. Bununla yanaşı, aparıcı
beynəlxalq təşkilatların statistik təhlilləri Azərbaycanda yerləşən ali
təhsil müəssisələrinin reytinq səviyyəsinin yüksəldilməsinin zəruri
olduğunu göstərir. Bu da bizdən ali təhsildə yeni yanaşmaları tələb
edir.
Azərbaycan ali təhsil sistemi Avropa ali təhsil məkanının bir
hissəsi kimi qarşısında strateji məqsədləri hədəfləyirsə, o zaman ali
təhsil sferasında -innovasiyaların təşviqi, ömürboyu təhsil, tələbə
yönümlü rəqabət mühiti və sair istiqamətlərdə öncül olmalıdır.
Strategiyada ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya
mərkəzlərinə çevrilməsinə dəstək verən və rəqabətqabiliyyətli mütəxəssis
hazırlığını təmin edən ali təhsil standartlarının tətbiqi, cəmiyyətin
və iqtisadiyyatın tələbatlarına uyğun olaraq hər bir ixtisas üzrə müasir
kurikulumların işlənməsi, ali təhsil müəssisələrinə təhsilin məzmununun
tətbiqi müstəqilliyinin verilməsi, doktorantura səviyyəsi üçün elmi
tədqiqat sahəsində yüksək hazırlığı və elmi-pedaqoji fəaliyyət üzrə
mükəmməl səriştəyə yiyələnməyi təmin edən müasir standartların
hazırlanması ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə
tutulmuşdur
Bundan əlavə, təhsil sistemində dövlət sifarişinin
formalaşdırılmasına yenidən baxılması, ölkənin siyasi, iqtisadi və
sosial inkişafının real tələbatına əsaslanaraq prioritet sayılan sahələr
üzrə kadr hazırlığının təmin edilməsi, ali və orta ixtisas təhsili
müəssisələrinə qəbul və yerdəyişmə mexanizminin təkmilləşdirilməsi,
dövlət və özəl ali təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul
planının ləğv edilməsi və dövlət sifarişinin yalnız ixtisaslar üzrə
müəyyənləşdirilməsi istiqamətində də mühüm işlərin görüləcəyi
gözlənilir. Bütün bunların dəqiq çərçivəsi isə fəaliyyət planında öz
əksini tapacaqdır.
- Cənab nazir, bir qədər də təhsilin digər istiqamətləri üzrə atılacaq addımlar barədə məlumat verərdiniz...
- Dövlət Strategiyası bütövlükdə təhsil sistemimizin
modernləşdirilməsini nəzərdə tutur. Biz artıq təhsilin bir neçə əsas
pilləsi üzrə görüləcək işlərə toxunduq.
Yaxın perspektivdə ali məktəb kampuslarının yaradılması, ömür boyu
təhsilə artan tələbatın ödənilməsi üçün kitabxanaların fəaliyyətinin
modernləşdirilməsi, rəqəmsal təhsil resurslarından istifadə imkanlarının
genişləndirilməsi, təhsillə bağlı media və internet resurslarının
inkişafının təmin edilməsi istiqamətində də ardıcıl tədbirlərin həyata
keçirilməsi qərara alınmışdır.
- Həyata keçiriləcək islahatlar zamanı beynəlxalq təcrübə nəzərə alınacaqmı?
- Şübhəsiz. Əslində, Dövlət Strategiyası hazırlanarkən qabaqcıl
ölkələrin təhsil sistemlərinin müvafiq inkişaf istiqamətləri öyrənilib.
Təsadüfi deyil ki, bütün bu məsələlər strategiyada ayrıca bir bölmə kimi
verilib. Bu baxımdan təhsilin sosial-iqtisadi rolu, keyfiyyəti və
əhatəliliyi, məzmunu, müəllim və tədris metodları, idarəetmə
məsələlərinin hər biri üzrə dünyada mövcud olan meyillər nəzərə alınıb.
Strateji hədəflər və onlara çatmaq üçün nəzərdə tutulan tədbirlərdə də
öncül təcrübənin nəzərə alınması qırmızı xətt kimi keçir. Bu da
anlaşılandır. Məlumdur ki, hazırda dünyada baş verən qloballaşma
prosesləri müxtəlif dövlətlərin, təhsil sistemlərinin inteqrasiyasını
şərtləndirir. Hədəflər kimi Avropa Şurası tərəfindən tövsiyə edilmiş
kompetensiyalar qrupu əsas götürülür. Artan tələbə-müəllim mübadiləsi
nəzərə alınaraq təhsil standartlarının unifikasiyası məqsədi daşıyan
Bolonya prosesi sürətlənir. Belə şəraitdə xarici təcrübəni nəzərə
almamaq mümkün deyil. Amma bununla belə, qloballaşma həm də hər bir
xalqın özünün milli-mədəni dəyərlərini qorumaq instinktini gücləndirir.
Təbii ki, təhsil sahəsində həyata keçirilən islahat yönümlü tədbirlərdə
də ilk növbədə milli-mədəni dəyərlər, tarixən yaranmış ənənələr qorunub
saxlanacaqdır.
Keyfiyyətli müəllim olmadan təhsili inkişaf etdirmək mümkün deyil
- Strategiyada müəllim hazırlığı və nüfuzunun artırılması məsələsi necə, əksini tapıbmı?
- Strategiyada bu məsələyə xüsusi yanaşma var. Ümumiyyətlə, təhsildə
əsas meyar, başlıca düşüncə müəllimlə bağlı olmalıdır. Biz onu bilirik
ki, nə qədər yüksək səviyyəli infrastruktur, tədris vəsaiti, maliyyə
imkanları olsa da belə, keyfiyyətli müəllim olmadan təhsili inkişaf
etdirmək mümkün deyildir. Təhsilalanın savadlı və səriştəli şəxs kimi
formalaşması, əsasən müəllimin akademik bacarıqlarından, tədris
təcrübəsindən və peşəkarlıq səviyyəsindən asılıdır.
Bilik və bacarıqlarını davamlı artıran müəllimlər təhsilalanların
nailiyyətlərinə əlavə töhfələr verirlər. Yeri gəlmişkən qeyd edək ki,
təhsil islahatı uğurla aparılan ölkələrdə müəllim peşəkarlığının
inkişafı üçün stimulların yaradılmasına və müəllim hazırlığının
təkmilləşdirilməsinə xüsusi diqqət yetirilir.
Müvafiq stimullaşdırıcı mexanizmlər və səmərəli monitorinq sistemi
vasitəsilə müəllim fəaliyyətinin keyfiyyəti artırılmalıdır. Yüksək
nüfuzlu təhsilverənin formalaşdırılması istiqaməti üzrə həyata
keçiriləcək tədbirlər sırasına müəllimlərin peşəkarlıq səviyyəsinin daim
yüksəlməsini təmin edən yeni sistemin yaradılması daxildir. Bu baxımdan
təhsilverənlərin əlavə təhsili üzrə strukturların yaradılmasının
stimullaşdırılması, pedaqoji heyət üçün yeni modul-kredit və
rəqabətəsaslı təlimlər sisteminin yaradılması və digər məqamlar da
nəzərdən qaçırılmamalıdır.
Bu istiqamətdə, həmçinin müəllim peşəsinin nüfuzunun artırılması üzrə
dövlət siyasətinin inkişafına - səriştə və nəticə əsaslı
diferensiallaşdırılmış, əmək bazasında rəqabətqabiliyyətli əməkhaqqı
sisteminin yaradılması, müəllimin karyera inkişafı və fəaliyyətinin
stimullaşdırılması üzrə yeni sistemin yaradılmasına dair bir sıra mühüm
işlərin görülməsi də nəzərdə tutulmuşdur.
Müsahibəni apardı:
İxtiyar HÜSEYNLİ,
"Azərbaycan"
http://www.azerbaijan-news.az/index.php?mod=3&id=31699
|